Əsas » Fayllar » TARİX » QƏDİM DÜNYA TARİXİ |
Qədim Roma
26.11.2013, 14:58 | |
![]() Qədim Roma Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı. Çarlıq və erkən Respublika Ən qədim çarlıq dövrün yeddi çarının adı məlumdur (Romul, Numa Pompili, Tull Qostili, Ank Marsi, Tarkvini Prisk, Servi Tulli və Məğrur Tarkvini). Çarlıq dövrünün başlanğıcında cəmi 300 qəbilədən ibarət olan əhalidən hər 10 qəbilə bir kurianı, hər 10 kuria isə tribanı təşkil edirdi. Üç triba (latın, sabin, etrusk) var idi. İcmanın ən mühüm işlərinə qəbilə ağsaqqallarından seçilən senat baxırdı. Senata ağsaqqalları tədricən hər qəbilənin eyni ailəsindən seçməyə başladılar. Bu qayda əhalinin imtiyazlı təbəqəsinin (patrisilərin) yaranmasına səbəb oldu; əhalinin qəbilə təşkilatından kənarda qalan hissəsi plebeylər adlanırdı. Senatdan başqa, kurialar üzrə toplanan xalq məclisi də mövcüd idi (yalnız patrisilər iştirak edirdilər). Əvvələr çarın hakimiyyəti qəbilə başçısının səlahiyyətinə yaxın idi. Müəyyən müddətdən sonra çarlar senat üzvlərini yalnız məhdud dairələrdən təyin etməyə başladılar. Beləliklə, senat Roma əyanlarının qanalı orqanına çevrildi. Patrisilərdə plebeylərin mübarizəsi şəraitində plebeylər icmada patrisilərlə bərabər vətəndaşlıq hüququ qazandılar. E.ə. 5 əsrin 1-ci yarısında xalq tribunu vəzifəsi təsis olundu. E.ə. 6 əsrin ortalarında Romada cəmiyyəti varlı və yoxsul siniflərə bölünən islahatlar keçirildi. Əmlak senzindən asılı olaraq, hər sinif qoşun üçün müəyyən sayda döyüşçü verirdi. Senturiyalar üzrə səsvermə xalq məclisində səslərin patrisilərin xeyrinə təmin edirdi. Bu şəraitdə çar hakimiyyətinin süqutu və respublikasının qurulması başa çatdı. Plebsin patrisiatla mübarizəsi E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrə arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyətdə öz haqlarını paylaşmamaq məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi. Respublika Respublikada keçmiş çar səlahiyyətini hər il seçilən iki vəzifəli şəxs (əvvəlcə pretorlar, sonra konsullar) icra edirdi. Ali hakimiyyət orqanı formal olaraq xalq məclisi sayılsa da, əslində dövlətin idarəsində aparıcı rol senata məxsus idi. Senat maliyyə, dövlət əmlakı, xarici siyasət və hərbi işlərə baxırdı. İcraedici orqanlar magistratlar idi. E.ə. 5 əsrdə Roma yeni ərazilər əldə etmək uğrunda yaxın qonşunları olan etrusklar, latınlar və başqa tayfalarda müharibələr aparırdı. Qalların hücumundan (e.ə. 390 və ya 387) sonra plebeylər ilə patrisilər arasında sosial mübarizə kəskinləşdi. E.ə. 326 ildə borc köləliyi ləğv edildi. E.ə. 4 əsrin ortalarında qazandığı qələbələr nəticəsində Roma Orta İtaliyada güclü dövlətinə çevrildi. Onun latınlar (e.ə. 340-338), samnitlər, Epir çarı Pirr üzərində (e.ə. 280-275) qələbələri ilə Apennin yarımadasının 200 il davam edən işğalı başa çatdı. Romaya tabe olan tayfaların federasiyası yarandı. Daxili işlərində isə diktator Hortenzinin verdiyi qanundan (e.ə. 237) sonra plebeylərin triblər üzrə qəbul etdikləri qərarlar qanun qüvvəsi aldı və onları senatın bəyənməsinə ehtiyac qalmadı. İtaliyada hakimiyyətini möhkəmləndirən Roma Aralıq dənizinin qərbində Karfagenlə mübarizəyə girişdi. Pun müharibələrində (e.ə. 264-241, 218-201, 149-146) Roma Karfageni məhv edib Aralıq dənizinin qərbində hegemonluğu ələ keçirdikdən sonra Balkan yarımadasına və Asiyaya doğru irəlilədi. E.ə. 2 əsrin ortalarında Aralıq dənizi sahilinin bir çox ərazisi Roma tərkibinə qatıldı və Roma əyalətləri yarandı. Lakin sinfi ziddiyyətlərin hədsiz kəskinləşməsi böyük üsyanlara - Siciliyada qul üsyanlarına və Kiçik Asiyada Aristonikin üsyanına səbəb olmuşdu. Kəndlilərin torpaq uğrunda mübarizəsinə Qrakx qardaşları başçılıq etdilər. E.ə. 133 ildə xalq yığıncağı ictimai torpaqların tutulmasını məhdudlaşdırmaq haqqında qanun qəbul etdi. Siyasi qruplaşmalar - optimatlar ilə populyarlar arasında silahlı mübarizə şiddətləndi. Xarici siyasətdə Yuqurta müharibəsinin (e.ə. 111-105) əvvəlində Roma ordusu məğlubiyyətə uğradı. Müttəfiqlər müharibəsi (e.ə. 90-88) nəticəsində Roma italiklərə vətəndaşlıq hüququ verməyə məcbur oldu. Sulla və Mari tərəfdarlarının mübarizəsi (e.ə. 87-82) köhnə siyasi quruluş formalarının yeni şəraitə uyğun gəlmədiyini göstərdi. E.ə. 82 ildə Sulla müddətsiz diktator oldu; xalq yığıncağının və xalq tribunlarının rolu heçə endirildi. Sullanın rejimi geniş müxalifət doğurdu və o, e.ə. 79 ildə səlahiyyətindən əl çəkməyə məcbur oldu. Qədim dövrün ən böyük qul üsyanlarından olan Spartak üsyanı (e.ə. 74 və ya 73-71) Romada ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermişdi. Siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. E.ə. 60 ildə Qney Pompey, Mark Lisini Krass və Yuli Sezar ittifaq bağlayaraq birinci triumvirat yaratdılar. Lakin onların arasında təfriqə düşdü və yeni mübarizə Sezar diktaturasının qurulması ilə nəticələndi. O, yeni əraziləri (Qalliya, Britaniya və s.) işğal etdi. Sezar öldürüldükdən (e.ə. 44) sonra ölkədə bir neçə il vətəndaş müharibəsi davam etdi və Oktavianın qələbəsi ilə qurtardı. Pun müharibələri Pun müharibələri (e.ə. 264-146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264-241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218-201) Karfagenin qisas cəhdindən doğmuşdu. E.ə. 218 ildə Hannibalın ordusu Alpı keçirdi və Po dərəsinə daxil oldu. Trazimen gölü (e.ə. 217) və Kann (e.ə. 216) yaxınlığındakı vuruşmalarda Roma ordusu darmadağın edildi. E.ə. 212 ildən romalılar təşəbbüsü ələ keçirdilər. Metavr çayı yaxınlığında (e.ə. 207) qələbə qazanan romalılar Zama yaxınlığındakı həlledici vuruşmada Hannibalın ordusunu darmadağın etdilər (e.ə. 202). E.ə. 201 ildə bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi, donanmadan məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun müharibəsində (e.ə. 149-146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146), sakinləri isə kölə kimi satıldı. Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin ən güclü dövlətinə çevrildi. Qrakx qardaşlarının islahatı Tiberi Semproni Qrakxus (e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproni Qrakxusun böyük qardaşı. Vətəndaş müharibələri dövrü İçtimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri. Mari və Sulla Əsas məqalə: Qay Mari Əsas məqalə: Lusi Korneli Sulla Qay Mari Qay Mari (e.ə. təqr. 157, Sereate-e.ə. 86, Roma) - Roma siyasi xadimi və sərkərdəsi. Xalq tribunu (e.ə. 119), pretor (e.ə. 115), konsul (e.ə. 107, 104-100, 86) seçilmişdi. Siyasi hakimiyyətə nail olmaq üçün populyarlarla ittifaqa girmiş, e.ə. 100 ildə optimatların tərəfinə, e.ə. 89 ildən isə yenidən populyarların tərəfinə keçmiş, respublikada ali hakimiyyət uğrunda Sullaya qarşı inadlı mübarizə aparmışdı. Sulla Romanı tutduqdan (e.ə. 88) sonra Mari Afrikaya qaçmış, e.ə. 87 ildə İtaliyaya qayıdaraq Romanı ələ keçirmiş və rəqiblərini darmadağın etmişdi. Qay Marinin islahatı Qrakxus qardaşlarının hərəkatının yatırılmasından sonra hakim qruplaşmanın mövqeləri möhkəmləndi. Roma siyasi həyatı azsaylı adlı-sanlı nəsillər tərəfindən idarə olunurdu; onlar müstəsna vəziyəti dövlətin bütün sahələrini əhatə edən, görünməmiş korrupsiya yaratdı. Yeni siyasi böhrana Yuqurta müharibəsi təkan verdi. E.ə 118-ci ildə Numidiya çarı Masinissa ölür. Romalıların vasitəçiliyi ilə onun mirası, qardaşı oğlu Yuqurta da daxil olmaqla iki oğlu arasında bölüşdürülür. Ancaq bir neçə ildən sonra Yuqurta, Romanın arbitrajına məhəl qoymayaraq və hər iki rəqibini aradan götürərək Numidiyanı ələ keçirir. Yuqurta romalı səfirləri satın aldığına görə senat vaxtında tədbir görə bilmir və Yuqurta Tsirta şəhərini ələ keçirərək, romalılar da daxil onun əhalisini qətl edir. Hiddətlənən Roma atlılarının təzyiqi ilə Yuqurtaya müharibə elan olunur. E.ə 111-ci ildə romalılar uğurla hucuma keçirlər, lakin Yuqurta satın alma yolu ilə özünə sərf edən sülh müqaviləsinə nail olur. E.ə 109-cu ildə müharibə yenidən başlayır. Roma oliqarşisinin nümayəndələrindən biri olan Avl Postuminin başçılığı altında romalı ordu rüsvayçı məğlubiyətə uğrayır. Bu romalıların səbr kasasını daşdırır. Xalq, atlılar və hətta nobilitetin bir hissəsi hakim qruplaşmaya qarşı çıxış edir. Yuqurta ilə bağlı hadisələrin araşdırılması üçün xüsusi komisiya yaradılır. Bir sıra xüsusi ilə korupsiyalaşmış zadəganlar qovulur. Numidiyaya, bir azdan uğur qazanan, yeni sərkərdə göndərilir - Kvint Sesili Metell. Yuqurta yenilir, ama müharibə uzanır. Numidyalıların partizan mübarizəsi vəziyəti olduqca çətinləşdirirdi. Romada, tezliklə qələbə gözlənilən Metelldən, narazılıq başlayır. Qay Mari bu vəziyətdən istifadə edir. E.ə 107-ci ildə Mari konsul və Yuqurtaya qarşı vuruşan ordunun komandanı seçilir. Yaxın gələcəkdə həlledici rol oynayacaq qüvvə kimi ordu çıxış edir. İtaliyada azad kəndlilərin azalması ordunun səciyəsini dəyişdi. Şəhərlərdə yoxsulluqları ucundan senz siyahılarına daxil olmayan və buna görə də qoşunda iştirak etməyənlər vardı. E.ə 107-ci ildə konsul seçilən Qay Mari Afrikada Yuqurtaya qarşı müharibə aparmaq üçün, ilk dəfə senz siyahılarında olmayan könüllüləri yığmağa başladı. Bu ordunun səciyəsini dəyişdi. Könüllülərin orduya qəbul olunmasından sonra, ordu artıq azad kəndlilərdən yığılan ənənəvi polis qoşunu olmaqdan çıxırdı, və əsasən yoxsul proletarilərdən ibarət, peşəkar və öz sərkərdəsinə sadiq, respublika üçün isə təhlükəli bir qüvvəyə çevrilirdi. Mülkiyətdən məhrum olan yoxullardan ibarət qoşun indi sərkərdələri ətrafında birləşirdilər və öz lider-komandirlərindən nəinki dəyərli qənimətlər, eləcə də sonradan torpaqla təltif olunmaqlarını gözləyirdilər. Bir az sonra Mari başqa bir islahat da keçirir. O leqionu koqortalara bölür. Koqortalar üç manipuldan təşkil olunur. Lakin buna baxmayaraq Yuqurta ancaq e.ə 105-ci ildə öz qaynatası Mavritaniya çarı Bokxun mülklərinə sıxışdırılır. Uzun tərədüddən sonra Boxk Yuqurtanı romalılara təslim edir. Lakin Bokx Yuqurtanı Mariyə yox, Lusi Korneli Sullaya təhvil verir. Sulla ilə Mari arasında ziddiyətlər yaranır. Lakin heç nəyə baxmayaraq Marinin nüfuzu olduqca çox idi. E.ə 104-cü ildə o Romada triumf keçirir. Yuqurta öldürülür, Numidiyanın bir hissəsi Roma əyalətinə çevrilir. E.ə 113-cü ildə İtaliyanın şimalında qermanların kimvr və tefton tayfaları peyda olur. Bir sıra məğlubiyətlərdən sonra Roma çox çətin vəziyətə düşür. E.ə 105-ci ildə Arauzion yaxınlığında romalı ordusu darmadağın edilir. İtaliya işğal təhlükəsi ilə qarşı-qarşıya qalır. Bu şəraitdə, Romanın faktiki diktatoruna çevrilmiş Marinin yeni yüksəlişi başlayır. Beş il dalbadal o konsul seçilir. E.ə 102-ci ildə Seksti Akvaları yaxınlığında Mari teftonları, sonrakı il isə Versella yaxınlığında kimvrları darmadağın edir. Əsirlər qul kimi satılır. Lutsi Korneli Sulla Lutsi Korneli Sulla (lat. Lucius Cornelius Sulla (Felix); e.ə. 138-78) — romalı hərbi və siyasi xadim. Sərkərdə kimi Yuqurta müharibəsi dövrü önə çıxır. E.ə. 104-102-ci illərdə kimvrlar və teftonlarla, e.ə. 90-88-ci illərdə Müttəfiq müharibəsində və e.ə. 89-84-cü illərdə 1-ci Mitridat müharibəsində iştirak edir. Sonuncunun əsnasında, Romanı tutur, Qay Marinin tərəfdarlarını neytrallaşdırır, bütün hakimiyəti quldar aristokratiyanın əlinə verir. Sonra ordusu ilə Şərqə yollanır, e.ə. 86-cı ildə Afinanı alır, həmin il VI Mitridat Yevpator üzərində qələbə çalır. E.ə. 84-cü ildə onunla sülh sazişi bağlayır. Onun yoxluğundan istifadə edən Sinna və Mari tərəfdarları Romada hakimiyəti ələ keçirirlər. E.ə. 83-cü ildə ordusu ilə İtaliyada enir, öz siyasi rəqiblərinin qoşunlarını darmadağın edir və sərt repressiyalarla müşayət olunan diktatura rejimi qurur. Sullanın rəqiblərindən müsadirə olunan torpaqlarda, İtaliyada koloniyalarla yerləşdirilən keçmiş legionerlər Sulla rejiminin vacib dayağına çevrilirlər. Sulla diktaturası Roma quldar respublikasının dərin böhranından xəbər verirdi. E.ə. 79-cu ildə, siyasi həyata təsirini saxlayaraq, səlahiyətlərini təhvil verdi. Yuli Sezarın vətəndaş müharibəsi Qədim Romada vətəndaş müharibələri — İctimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri. E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi, və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta dövlət xəzinəsini götürə bilməyərək Romadan qaçdılar. Pompeyin qoşunlarının mühüm hissəsi Korfini yaxınlığında təslim oldu, Pompeyin özü beş leqionla Brundiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan və Dirraxi yaxınlığındakı məğlubiyətdən sonra o Pompeyi Farsalda(Fessaliyada) həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun yerə enməsinə belə imkan vermədilər: o sahilə yaxınlaşmaqda olan qayıqda öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada XII Ptolemeylə onun bacısı Kleopatra arasındakı sülalə mübarizəsinə qarışır. Ptolemeylə uzun və təhlükəli müharibədən qalib çıxan Sezar taxta Kleopatranı otuzdurur. Sezarın olmamasında istifadə edən Pompeyin tərəfdarları Afrikada böyük qoşun toplayırlar. Burada onları Numidiya çarı Yuba dəstəkləyir. Mitridatın oğlu Farnak Romada vətəndaş müharibəsindən istifadə edərək, öncə itirdiyi əraziləri qaytarmağa başlayır. Sezar ona qarşı hərəkət edir. E.ə 47-ci ilin avqustunda Farnak məğlub edilir. Bundan bir az sonra Sezar Romadakı narazılığı kəsə bilir. E.ə 47-ci ilin sonunda o Afrikada enir, və 46-ci ilin avqustunda Taps yaxınlığında pompeyanları darmadağın edir. Afrikada Sezar əleyhinə olan koalisiyanın üzvlərinin,Katon və Yuba daxil, bütün rəhbərləri məhv olur. E.ə 45-ci ildə İspaniyanın Mund şəhəri yaxınlığında, Pompeyin oğullarının başçılıq etdiyi ordu darmadağın edilir, Pompeyin böyük oğlu Qney həlak olur, Sekst isə qaça bilir. E.ə 59-cu ildən başlayaraq Sezar prokonsul olaraq imperini öz əlində saxlaya bilir; 48-ci ildə konsul seçilir. Farsaldan sonra onun hakimiyətinin yeni mərhələsi başlayır. 48-ci ildə o qeyri- müəyən müddətə, 46-cı ildə 10 illik , 45-ci ildən sonra isə - ömürlük diktator seçilir. Bundan əlavə e.ə 48-ci ildən - 44-cü ilə qədər Sezar hər il konsul seçilir, senzor və tribun səlayiyətləri alır, imperator və vətənin atası titullarını daşıyır. Bundan başqa o fəxri pontifik - Romanın baş kahini olur. Roma monarxiyasının spesifikası ondan ibarət olur ki, polis təsisatları qalaraq onun üzərində Sezarın diktaturası qurulur. Senaztın sayı 900, kvestorların isə 40 qədər artırılır. Senzura ləğv olunur, senatın komplektləşdirilməsi diktatorun əlinə keçir. Maqistratların sayı- 16 pretor və 6 edilə qədər artır. Sezarın fəaliyəti özparitiyasının gücləndiriliməsinə, ümumi stabilliyin bərqərar olmasına, eyni zamanda Romanın imperiyaya çevrilmə məqsədlərinə tabe olur. Onun tərəfdarlarından bir çoxu maqistratlarda və senatda yer tutur. Əskər və zabitlərə pul mükafatları verilir, 80 min vəteranı isə torpaq payları ilə təltif olunur. Sulladan fərqli olaraq Sezar repressiya keçirmir. Taps döyüşündən sonra ümumi amnistiya elan olunur. Çörək paylanışı iki dəfə azaldılır. Romada və əyalətlərdə iri inşaat işləri aparılır. Təvqiv islahatı keçirilir. Sezar əyalətlərin romanizasiyasına başlayır. Qalliya, İspaniya, Afrika və başqa əyalətlərə veteranların koloniyaları çıxarılır. Sezar bütöv əyalətlərə Roma vətəndaşlığı verir. E.ə 49-cu ildə Transpadan Qalliyası, sonra isə İspaniyanın və Narbon Qalliyasının bir çox əyaləti vətəndaşlıq alır. Yeni qanunlar əyalət idarəçiliyini tənzimləyir. Ölümündən bir az əvvəl Sezar Parfiyaya və şimali Avropa barbarlarına qarşı böyük yürüşlər hazırlayır. E.ə 45-ci ilin sonunda Mark Yuni Brutun və Qay Kassi Lonqinin başçılığı altında Sezara qarşı sui-qəsd hazırlanır. Sui-qəsdçilər arasında keçmiş pompeyanlar və Sezarın bəzi tərəfdarları olur. E.ə 44-cü ilin martın 15 Sezar senatda ödürülür. Sezarın islahatları respublikanın əvvəlki inkişafının məntiqi nəticəsi idi və respublikadan imperiyaya keçid əsnasını geriyə dönməz etdi. Roma İmperiyası Roma İmperiyası (lat. Imperium Romanum) - e.ə. 27 - e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə - 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur. Ordu Roma ordusu dövrünə görə çox güclü təlim keçmiş, əsas gücü piyadalardan ibarət olan bir ordu idi. Hər 4500 nəfərlik dəstə "Legion" adlanırdı. Roma ordusunun döyüş qaydasına görə döyüşü yüngül silahlı döyüşçülər başlayırdılar. Onlar düşmən sıralarını pozmaq üçün ox,mızra atırdılar. Legionun əsas gücü ağır silahlı piyadalardan ibarət idi. Onlar nizə və qılıncla silahlanır, zirehli paltar geyirdilər. Süvarilər piyadaları cinahlardan qoruyur, qaçan düşməni təqib edirdilər. Legion hər bir şəraitdə(meşədə, dağlıq yerdə və s.)vuruşa bilən xırda hissələrə bölünürdü. Orduda sərt-nizam intizama riayət olunurdu. Silahı itirmək, keşikdə yatmaq üstündə edam cəzası tətbiq olunurdu. Roma ordusunda süvari dəstələr olsada onlar piyadalar qədər güclü deyildilər. Ümumiyyətlə Romada hökmdarlırdıq etmiş bir çox şəxslər özlərinə uyğun ordular yaratmışlarki, bunların adları Roma Total War kompyüter oyununda görmək olar. Romada yaşları ötmüş, xidmət müddəti başa çatmış döyüşçülərdən veteran hərbi dəstələri yaradılırdıki, onlarda imperiyaya tabe olan şəhərlərdə asayişi qorumaqlar məşğul olurdular. Mədəniyyət Roma dövləti imperiyaya çevrildikdən sonra onun paytaxtı Roma çox böyük şəhərə çevrildi. Roma Aralıq dənizi sahillərində ən iri şəhər oldu. Eramızın ilk illərində bu şəhərdə 1 milyondan artıq əhali yaşayırdı. Roma Tibr çayının hər iki sahilində geniş ərazi tuturdu. İki sahil bir neçə körpü ilə birləşşirdi. Dağ bulaqlarından on bir kəmərlə şəhərə öz axını ilə su gəlirdi, su kəmərləri çökək yerlərdən və çaylardan daş körpülər vasitəsilə keçirdi. Şəhər küçələri Romanın qədim mərkəzi olan forumda qovuşurdu. İmperatorlar Sezardan başlayaraq özlərini və paytaxtlarını şöhrətləndirmək üçün Roma forumunda və onun ətrafında abidələr ucaldır, möhtəşəm məbədlər və başqa binalar tikdirirdilər. Trayanın Dunay çayı sahilindəki qələbələri şərəfinə Romada təqribən 40 metr hündürlüyündə sütun ucaldılmışdı. Mərmər relyef bu sütuna aşağıdan yuxarıyadək lent kimi sarınmışdı. Bu relyefdə qoşunların Dunay çayından keçməsi, vuruşma səhnələri, əsir tutulması və müharibənin başqa səhnələri təsvir edilmişdi. Sütunun üstündə imperatorun heykəli qoyulmuşdu. Zəfər (triumf) tağları xüsusilə geniş yayılmış abidələr idi. Zəfər bayramlarında imperatorlar bu tağların altından keçirdilər. Bunlar imperatorların qələbələrini şöhrətləndirmək üçün tikilirdi. Ən qədim Romada adi bazar olmuş forum paytaxtın gözəl tikilmiş və bəzədilmiş mərkəzinə çevrilmişdi. O, imperiyanın zəngin sərvətləri və məğlubedilməzliyi haqqında fikir yaratmalı idi. Forumun yaxınlığında Palatin yüksəkliyi ucalırdı. Burada imperatorların zərdən və mərmərdən bərq vuran sarayları tikilmişdi. İmperator saraylarının yaxınlığında varlı quldarların evləri yerləşirdi. Bu evlərdəki otaqların divarları freskalarla bəzədilmiş, döşəmələri mozaika ilə örtülmüşdü. Heyvan və bitkilərin tuncdan, qızıldan və fil sümüyündən bədii təsvirləri mebellərin üzərini bəzəyirdi. Otaqlarda və daxili həyət-bağda yunan və Roma heykəltaraşlarının hazırladıqları heykəllər və büstlər qoyulurdu. Varlı romalıya yüzlərlə qul xidmət edirdi. Onların arasında bir çox hallarda ağaların özlərindən daha savadlı olan həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi, bunlar adətən, yunanlar idilər. Küçədə qullar adlı-sanlı romalıları taxt-rəvanda aparırdılar. Evin alaqapısında zəncirli it əvəzinə divara zəncirlənmiş qapıçı qul otururdu. Varlıların ziyafətlərinə imperiyanın müxtəlif yerlərindən diri balıq, nadir meyvə və şərab gətirilirdi. Romada gözqamaşdırıcı cah-cəlalla yanaşı, ən acınacaqlı dilənçilik də hökm sürürdü. Şəhərin bütov rayonlarında beş və altımərtəbəli evlər tikilmişdi. Burada küçələr çox dar idi. Yoxsullar bu evlərin balaca otaqlarında, çardaqlarında və zirzəmilərdə yaşayırdılar. Pis tikilmiş evlər çox vaxt uçurdu, yanğınlar daha tez-tez baş verirdi. Sakinlər uçan evlərin altında və ya alovun içərisində həlak olurdular. Yoxsulların çoxunun evi olmadığından onlar küçələrdə gecələyirdilər. Romada teatr Roma teatrlarında yunan və Roma müəlliflərinin tragediyalarını və komediyalarını tamaşaya qoyurdular. Yunanıstanda teatrlarla tanış olmuş Pompey onların nümunəsində Romada daşdan ilk teatr tiktirdi. Lakin həm varlıların, həm də yoxsulların sevdiyi tamaşa qladiator döyüşləri və döyüş arabalarının ötüşməsi idi. İmperiya dövründə bu yarışmalar respublika dövründəkinə nisbətən daha əzəmətli oldu. İmperator Avqustun əmrilə Romanın ətrafında göl yaradılmışdı. Bir dəfə burada keçirilən döyüşdə 30 iri və bir çox kiçik gəmilərdə 3000 adam vuruşmuşdu. 1-ci əsrdə Romada 50.000 nəfər tamaşaçı tutan Kolizey amfiteatrı tikildi. İmperator Trayan tərəfindən təşkil edilən bayram şənlikləri 123 gün davam etmişdi. Amfiteatrların səhnəsinə 11.000 vəhşi heyvan buraxılmışdı. Romalıları əyləndirməkdən ötrü 10.000 qladiator bir-birilə və vəhşi heyvanlarla vuruşurdu. Hələ ən qədim Romada Palatin yüksəkliyindən cənuba doğru geniş düzənlikdə cıdır yarışları keçirilirdi. İmperator dövründə burada on minlərlə tamaşaçı üçün tribunaları, imperator və onun əyanları üçün bər-bəzəkli lojaları olan nəhəng sirk (cıdır meydanı) yerləşirdi. Sirkin qaçış yollarında yüngül döyüş arabalarına qoşulmuş at yarışları keçirilirdi. Prinsipat Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27 ildən) yaratdı. Dövlətin sərhədləri xeyli genişləndirilmiş, Misir, Şimali İspaniya işğal edilmiş, Ermənistan, Qara dəniz sahilinin xeyli hissəsi asılı vəziyyətə salınmışdı. Avqustun xələfləri Tiberi (14-37), Kaliqula (37-41), Klavdi (41-54), Neron (54-68) əyalətlərdə xalq kütlələrinin üsyanları yatırır, respublika qaydalarını bərpa etməyə can atan Roma aristokratiyasına qarşı şiddətli mübarizə aparırdılar. Bu zamanda xristianlıq yaranmağa başladı. Roma imperiyasının yüksəlişi Antoninlər sülaləsi dövrünə (96-192) təsadüf edir. Trayanın dövründə (98-117) Roma dövlətinin əraziləri maksimum genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı. İtaliyada başlanan sosial-iqtisadi böhran ("3 əsr böhranı") quldarlığı aradan qaldırdı. Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator Karakallanın 212 ildə bütün azad əyalət adamlarına Roma vətəndaşlığı vermək haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası əslində dağıldı. Dominat Imperatorlardan Diokletian (284-305) və I Konstantinin (306-337) dövründə imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra hakim kilsə olan xristian kilsəsi dövlətin sədaqətli müttəfiqi idi. 4 əsrdə ticarətin, sənətkarlığın tənəzzülü ilə yanaşı, orduda və inzibati idarələrdə barbarların mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət edən vestqotlar üsyana qalxdılar. Adrianopol yaxınlığında üsyançılar imperator Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə - Qərbi və Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildə Odoakr Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma imperiyası süqüt etdi. ![]() | |
Baxış: 7457 | Yükləmə: 0 | Кomentlər: 2 | |
Komentlər: 1 | |
|