MENU
Əsas » Fayllar » TARİX » QƏDİM DÜNYA TARİXİ

Aşura tarix
20.09.2018, 09:48

 

Aşura tarix

Tarixdə baş vermiş bəzi hadisələr mahiyyəti etibarilə zaman və məkanın fövqündə dayanıb, hər bir dövrü üçün aktual olur. İllər, əsrlər keçdikcə də öz aktuallığını itirmir. Zamanın fövqündə durmağı isə yalnız və yalnız şəxsiyyətlər bacarır. İnsan öz əməli, gördüyü işlə zaman məfhumundan kənara çıxa bilir. Belə tarixi şəxsiyyətlərdən biri də 14 əsr əvvəl yaşamış İslam dünyasının böyük şəxsiyyətlərindən biri, sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (ə) əziz nəvəsi Həzrət İmam Hüseyn (ə) olmuşdur. 
 
"Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir..." deyib mübarizəyə qalxdı İmam Hüseyn! İlahi dəyərləri gələcək nəsillərə olduğu kimi çatdırmaq, din adından sui-istifadə edənləri, dini zülmkarlıq alətinə çevirənləri ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək naminə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı İmam Hüseyn. O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. Ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin haqsızlıq qarşısında sınmadı, əzilmədi, diz çökmədi...
 
Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyə özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlmişdi. Tarixdən məlum olduğu kimi, Yezid ilahi dəyərlərə, İslam dininin buyuruqlarına zidd həyat tərzi keçirən birisi olmuşdur. Əlbəttə ki, İmam Hüseyn (ə) Yezid kimi bir insanın müsəlmanlara Allah adı ilə, din adı ilə xəlifəlik etməsinə razı ola bilməzdi. 
 
Muaviyə 680-ci ildə vəfat edir. Onun ölümündən sonra xilafət kürsüsünə oturub özünü İslam ümmətinin xəlifəsi elan etmiş Yezid əmisi oğlu Vəlidə məktub yazıb İmam Hüseyndən beyət almasını, onun xəlifəliyinin legitimliyini tanımasını tələb edir. Əks təqdirdə İmamın başını kəsib ona göndərməsini istəyir. 
 
Həcc ziyarəti ərəfəsi idi. Yezidin planlarından xəbər tutan İmam Hüseyn yaşadığı Mədinə şəhərindən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı Kufəyə dəvət edirlər. Tarixçilərin verdiyi məlumatlara görə, bu qəbildən olan məktubların sayı minlərlə olur. Vəziyyəti belə görən İmam Hüseyn öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama beyət etmək üçün Müslimin yanına gəlirlər. Beyət aldıqdan sonra Müslim, İmamı məktub vasitəsilə Kufəyə dəvət edir. 
 
Yezidin tərəfdarları isə vəziyyəti belə görüb ondan tez tədbir görməsini istəyirlər. Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır. 
 
Bu zaman İmam Məkkədə olduğundan Müslimin ölümündən xəbərsiz idi və artıq əvvəlcədən planlaşdırdığı kimi Kufəyə yola düşdü. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam Hüseyn Müslimin şəhid olması xəbərini eşitdi. Baş verən hadisədən xəbər tutan İmam gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə topladı və onlara Mədinəyə qayıtmağı təklif etdi. İnsanların bəziləri dağılışdı və İmam Hüseyn ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam etdi. 
 
Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib onlara yetişdi. Onlar İmam Hüseynin qarşısını kəsərək Mədinəyə qayıtmasını əngəllədilər. İmam Hüseynin dəstəsini faktiki olaraq mühisirəyə aldılar. Qeyd etmək yerinə düşərdi ki, İmamın kiçik dəstəsi içərisində qadınlar, hətta kiçik yaşlı uşaqlar belə var idi. 
 
Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qaldı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün bildi və "bizim kimilər Yezid kimilərə beyət etməz" deyə buyurdu. İmam qarşı tərəfə çağırış etdi, qan tökməkdən, Peyğəmbər (s) ailəsinə qarşı qətliam törətməkdən çəkinməyə çağırdı. Qarşı tərəf öz bədxah niyyətindən çəkinmədi. İmam gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar. 
Aşura günü - Məhərrəmin 10-u zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən "Allahu Əkbər" sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı... 
Döyüşdən əvvəl İmam Hüseyn son dəfə olaraq Peyğəmbərin əbasını geyinib düşmənə tərəf yollandı və özünün son xütbəsini oxudu. Ümumiyyətlə, İmam oradakılara bir neçə dəfə xütbələr demiş, Yezid hakimiyyətinin bütün İslam dünyası üçün bir ləkə olduğunu xatırlatmışdır, onları zülmə baş əyməməyə, ədalətli olmağa və haqqı batilə qurban verməməyə çağırmışdır. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır. O, öz əməlindən peşman olaraq İmam Hüseyn tərəfinə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur. 
Döyüşün təfsilatı barədə uzun-uzadı danışmaq istəməzdik. Bu haqda tarix kitablarında geniş bəhs olunur. Sadəcə qeyd etmək istərdik ki, bu döyüşdə İmamın bütün sadiq səhabələri bir-bir şəhid edildi. Hətta düşmən tərəf İmamın qucağındakı südəmər körpə - Əli Əsğəri belə öldürməkdən çəkinmədilər. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar. Döyüş bitdikdən sonra ordu xeymələrə hücum çəkdi, onları talan edərək od vurub yandırdılar. 
 
O qanlı faciədən sonra Peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Şama gətirdilər. Lakin Şamda baş verən hadisələr Yezidin düşündüyü nəticəni almasına mane oldu. İmamın bacısı Xanım Zeynəb (ə), oğlu İmam Səccad (ə) yolboyu kufəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. Bu çıxışlar nəticəsində dünən İmama müxalif mövqedə duranlar indi ona matəm saxlayır, Peyğəmbər (s) ailəsinə dəstək vermədiklərinə görə peşmanlıq hissi keçirirdilər. 
 
Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda, ülvi dəyərlər uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Kərbəlada baş verənlər təkcə həmin dövrün insanlarına deyil, bütövlükdə bəşər tarixinə öz mesajlarını yetirdi, tarixi titrətdi. İmam Hüseyn şəhidlik məqamına ucalmaqla ölməzlik zirvəsinə ucaldı...
İmam Hüseynin şəhadəti hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi. Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək. Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin, İnşallah! 
Категория: QƏDİM DÜNYA TARİXİ | Əlavə etdi: Liman
Baxış: 366 | Yükləmə: 0 | Reytinq: 0.0/0
Komentlər: 0
Qeydiyyatdan keç.
[ Qeydiyyat | Giriş ]